1-5 (9:00 - 18:00)

  • Narimanov Region
    Akhmed Racabli 1/13

    Baku, Azerbaijan AZ1000

  • Call Us On

    +994 12 464-87-91

  • Mail Us @

    office@beniz.az

Yanğın təhlükəsizlik sistemlərinin layihələndirilməsi və təşkili
 
Yanğın təhlükəsizliyi nədən başlayır? Bu sualın cavabı yalnız birdir: yanğın təhlükəsizliyi mütəxəssislər tərəfindən hazırlanmış savadlı layihədən başlayır. Bu layihə normativ-hüquqi sənədlər əsasında və sifarişçinin maliyyə imkanları və arzuları nəzərə alınmaqla hazırlanır. Lakin bütün hallarda əsas sistemlərin təhlükəsizliyinə və etibarlılığına mütləq şəkildə riayət olunur və bu sistemlərin işinə hər hansı xələl gətirilməsinə yol verilmir. Ən yaxşı effekt isə konstruksiyanın yaradılması mərhələsində yanğın təhlükəsizliyi sistemlərinin layihələşdirilməsi zamanı əldə edilir.
 
Alovla bağlı təhlükəli vəziyyətin yaranmaması üçün ilkin olaraq layihədə bir sıra tədbirlər nəzərə alınır. Daha sonra, burada, yanğın baş verən zaman hadisə yerində olan insanların həyatlarının təhlükəsiz edilməsi və onların təhlükəli zonanı vaxtında tərk etməsi məsələsi həll edilir. Yanğın təhlükəsizliyi sistemi layihələrinin üçüncü tərkib hissəsi – alov və tüstü ilə effektiv mübarizə tədbirlərinin işlənib hazırlanmasıdır.
 
Layihələşdirmə zamanı konstruksiyaların oda davamlılığı, insanların təxliyyə (evakuasiya) yolları, yanğın əleyhinə vasitələrin dislokasiya yerləri və həmçinin, əsas yanğın təhlükəsizliyi sistemləri: avtomatik yanğınsöndürmə, yanğın siqnalizasiyası, avtomatik xəbərdarlıq, tüstünün çıxarılması, oddan müdafiə və s. təhlükəsizlik sistemləri nəzərə alınır.
 
Əgər bina artıq bir neçə onillər boyu istismar olunmuşdursa, deməli onun bütün yanğın təhlükəsizliyi sistemləri köhnəlmişdir. Bu halda belə binadakı sistemlərin yenidən təşkili və modernləşdirilməsi zərurəti yaranır. Əgər bu binanın otaqlarının quruluşunun dəyişdirilməsi və yaxud hansısa əsaslı təmiri baş vermişdirsə, onda təhlükəsizlik sistemlərinin yenidən təşkili məsələsi daha da aktuallaşır.
Obyektin yanğın təhlükəsizliyi sisteminin yenidən təşkili, bu obyektin tədqiq edilməsindən başlayır. Məqsəd isə belə obyekt üçün zəruri olan texniki şərtləri öyrənməkdir. Aparılmış tədqiqatın nəticələrinə görə yanğın təhlükəsizliyi sistemini müasir vasitələrlə gücləndirmək və ya bütün sistemi tamamilə dəyişmək barədə qərar qəbul edilir.
 
Yanğın təhlükəsizliyi sistemlərinin layihələşdirilməsi sadə məsələ deyildir. Layihələşdirmə çox böyük həcmdə ilkin məlumatın olmasını tələb edir. Bununla bərabər, layihələşdirmə həm də ən məsuliyyətli yanaşma tərzini istəyir. Axı layihənin keyfiyyətindən bütün yanğın əleyhinə kompleks tədbirlərin effektivliyi və ən başlıcası da, insanların həyatı və sağlamlığı asılıdır.
 
Avtomatik yanğınsöndürmə sistemlərinin quraşdırılması
 
Bütün avtomatik yanğınsöndürmə sistemləri (AYSS) ilk növbədə lokal və mərkəzləşdirilmiş sistemlərə bölünür. Daha sonra AYSS iş prinsipinə görə – sprinkler və drençer növünə görə təsnifləndirilir. Yanğın söndürmə qaydasına görə isə – odsöndürən qarışığın fiziki xassələri və kimyəvi tərkibi ilə fərqlənirlər.
 
Hər bir AYSS-in tərkibində tüstülənməyə, hərarətin yüksəlməsinə və yanmanın digər əlamətlərinə reaksiya verən məlumatverici cihaz, idarəedici siqnalların qeydiyyatı, hazırlanması və ötürülməsi qurğusu və bilavasitə söndürməni yerinə yetirən icra orqanı olmalıdır. Lokal sistemlər bütün bunları tam halda nəql edilə bilən, quraşdırılan və xidmət edilən vahid blokda birləşdirirlər. Ən sadə və etibarlı lokal sistem – içində odsöndürən qarışıq olan balondan ibarətdir. Bu balonda daima mövcud olan yüksək təzyiq ya hermetikliyin pozulması zaman aradan gedən kimyəvi reaksiya prosesi ilə, ya da idarəetmə impulsunun verilməsi ilə saxlanılır.
 
Bu sistemdə bağlayıcı klapan kimi sprinklerin özü iştirak edir. Bu sprinklerlərin içində otaqlarda yanğınsız meydana gələ bilən maksimal temperaturdan asılı olaraq, 40oC – 150oC dərəcə arasında işə düşən tezəriyən element vardır. Bir qayda olaraq, belə bloklar yanğın siqnalizasiyası sisteminə yalnız xəbərdaredici cihaz qismində birləşdirilirlər. Amma bu bloklar prinsip etibarilə, ümumiyyətlə hər hansı bir naqilsiz və elektrik enerjisiz də işləyə bilərlər. Bu tipdə olan sistemlərin çatışmayan cəhətləri – onların nisbətən yüksək qiyməti və çəkisi, onlara göstərilən xidmətin mürəkkəbliyi və işə salınmaq üçün vəziyyətin daha dəqiq təhlilinin mümkünsüz olmasıdır.
 
Mərkəzləşdirilmiş AYSS-dən iri obyektlərdə istifadə olunması – iqtisadi cəhətcə daha sərfəlidir. Bu sistemlərdə saysız-hesabsız miqdarda mürəkkəb xəbərdaredici cihazlardan və 100%-lik zəmanətlə yanğına vaxtında reaksiya verən və yalançı işədüşmələri istisna edən məntiqi qurğulardan istifadə edilməsi mümkündür. Lakin, bütün bunlarla bərabər, belə sistemlərin mövcudiyyəti bütün otaqlarda elektrik enerjisinin və siqnal ötürücülərinin olmasını, ən başlıcası isə – yüksək təzyiq magistrallarının mövcudluğunu tələb edir.
 
Əgər otaqlar kiçikdirlərsə və ya yanğının genişlənməsinə maneə olan arakəsmələrlə bölünmüşlərsə, onda ayrı-ayrı sprinklerlərin tətbiq edilməsi daha məqsədəuyğundur. Belə sprinklerlər işə düşəndə söndürücü qarışığı yalnız bilavasitə alışma nöqtəsinə tərəf buraxacaqlar. Magistralda təzyiqin aşağı düşməsi halında isə nəzarət-siqnal klapanı qarışığın sprinklerə verilməsini davam etdirən nasosu işə salır. Sistemin borularının donması ehtimalı ola bilən obyektlərdə də nəzarət-siqnal klapanı magistralda havanın təzyiqinin azalmasına reaksiya verir, lakin bu zaman maye orada daima olmur.
 
Alovun yayılması üçün əlverişli şərait olan iri sahələrdə və otaqlarda bütün sahə boyunca yanğının söndürülməsi lazımdır və bu, hətta daha arzuediləndir. Bu halda drençer sistemləri tətbiq olunur. Drençer sistemində hər bir püskürdücüdə klapanın olmasına və magistralda daima təzyiqin saxlanmasına ehtiyac yoxdur. Çünki, yanğın zamanı odsöndürücü qarışıq sistemə yalnız nəzarət cihazının siqnalı ilə və yaxud da bu məsələyə məsul olan işçi heyətin manual (əl ilə) işə salması ilə verilir.
 
Şirkətimiz hər bir obyektin xüsusiyyətlərini və yönümünü, texniki və iqtisadi hesablamaları nəzərə alaraq, bütün sistemlərin layihələşdirilməsini və quraşdırılmasını həyata keçirir. Biz hər hansı bir sistemin zəmanətdən sonrakı xidməti, servisi və reqlamentli xidməti üzrə, o cümlədən, başqa təşkilat tərəfindən yerinə yetirilmiş işlər üzrə müqavilələr bağlamağa hazırıq.
 
Mühafizə yanğından erkənxəbərvermə sistemlərinin quraşdırılması
 
Mühafizə-yanğın siqnalizasiyası yaşadığımız mürəkkəb və həm də gözlənilməz hadisələrlə dolu olan dünyamızda şəhərkənarı bağ evindən başlamış iri müəssisəyə qədər hər bir obyektin ən zəruri atributlarından birinə çevrilmişdir. Müasir optikanın və elektronikanın nailiyyətləri canlı gözətçinin demək olar ki, bütün funksiyalarını böyük müvəffəqiyyətlə yerinə yetirərək, fiziki mühafizənin işini sadəcə olaraq effektsiz edir. Texniki sistemlər sürətlidirlər, yuxuya ehtiyacları yoxdur və ən əsası da etibarlıdırlar – onları hər hansı bir yolla ələ almaq mümkün deyil. Bu sistemlərdə keyfiyyətli elementlərdən istifadə olunduqda və düzgün qulluq edildikdə onlar xarab olmadan onilliklər boyunca istismar edilə bilərlər.
 
“Beniz” şirkətinin mühafizə siqnalizasiyasında daha çox tətbiq etdiyi infraqırmızı hərəkət xəbərdaredici cihazların həssaslığı, pişik gözünün həssalığını artıq 60% üstələyir. Şüşə detektorunun spektral həssaslığı isə o dərəcədədir ki, hətta bir şkaf boşqabın sınmasının səsi fonunda, almazla kəsilən şüşənin səsini ayırmaq mümkündür. Elə yanğın-tüstü xəbərdarediciləri və optik alov registratorları da mükəmməllikdə geri qalmırlar. Lakin müasir rəqəmsal həyatımızda ən başlıca məsələ – sürətlilik və işlənən informasiyanın həcmidir.
Müasir sənaye kompüteri adi öyrəşdiyimiz sistem kompüteri deyildir. Fasiləsiz enerji mənbəyi lövhəsinə quraşdırılmış bu kiçik modul, video-müşahidə kameralarının siqnallarını bədii şəkildə təhlil etməyə imkan verir. Yaxın gələcəkdə isə belə təhlil üsulu ilə həm yanğının əlamətlərini, həm də şübhəli insanları hüquq-mühafizə orqanlarının kartotekasında olan şəxslərlə müqayisə edərək, zəmanətlə müəyyən etmək mümkün olacaqdır. 
 
“Beniz” şirkəti elektron mühafizə üzrə tam xidmətlər kompleksini təklif edir.
 
Təklif edilən xidmətlər kompleksinə – obyektin ilkin təftişi, smetanın tərtib edilməsi, siqnalizasiyanın layihəsinin hazırlanması, tərtibi və razılaşdırılması, komlektləşdirici hissələr və materiallarla təminat, tikinti, quraşdırma və işəsalma-sazlama işlərinin görülməsi, obyektin güc strukturlarına və yanğın mühafizəsi komissiyalarına təhvili, operativ reaksiya verməklə pult monitorinqi, sistemlərə qeyri-məhdud zaman ərzində zəmanətli, servis və reqlamentli xidmət və s. daxildir.
 
Layihələndirmə işi nəinki yalnız qəbul edilmiş texniki normalar daxilində, həm də sifarişçinin bu normalar çərçivəsindən kənara çıxmayan istəkləri nəzərə alınmaqla yerinə yetirilir. Bu zaman sifarişçiyə sərf edən müddətlər, onun maliyyə imkanları və hətta estetik nyüansları və digər şərtləri nəzərə alınır.
 
Bir çox hallarda mühafizə-yanğın siqnalizasiyasının quraşdırılması artıq adamlar yaşayan mənzildə, fəaliyyətdə olan ofisdə, sexdə, laboratoriyada həyata keçirilir. Səsli və tozlu tikinti işlərinin aparılması vaxtının razılaşdırılması çox mühüm əhəmiyyət kəsb edən amillərdən biri olduğu üçün, iş qrafikinin tərtib edilməsi zamanı “Beniz” həmişə müştərinin maraqlarını nəzərə alır.
 
Yanğın Su Hidrantlarının və su kəmərlərinin quraşdırılması
 
Son zamanlar yanğın söndürmənin alternativ sistemlərinin geniş şəkildə ihkişaf etməsinə baxmayaraq, alovun söndürülməsi işində ən çox istifadə edilən vasitə – sudur. Bir çox hallarda məhz su bilavasitə söndürmə agenti kimi tətbiq edilir, bir başqa halda sudan insanların həyatını və sağlamlığını istilik şüalanmasından qorumaq üçün “su divarının” yaradılması üçün istifadə edilir, digər halda isə çox mürəkkəb yanğın vəziyyətində suyun dispersiyası vasitəsilə alınan su tozu əvəzsiz yanğınsöndürmə agenti kimi çıxış edir, daha sonra yanğın fəlakətinin miqyasının böyüməsinin qarşısını almaq üçün yanan konstruksiyaların soyudulması işində də su köməyə çatır.
 
Lakin bütün bu yuxarıda qeyd olunmuş hərəkətləri obyektdə xüsusi su ehtiyatlarının və bu suyu istifadə nöqtəsinə çatdırmaq üçün lazım olan kommunikasiyaların olmaması halında həyata keçirmək mümkün deyildir. Hətta sudan sadəcə bir yanğın söndürmə agenti kimi də istifadə edildiyi təqdirdə belə, uğurlu yanğınsöndürmə əməliyyatı keçirmək üçün yanğın çəninin, yanğın su kəmərinin və yanğın hidrantlarının (yanğın söndürmək üçün su kəməri şəbəkəsindən suyun götürülməsi üçün lazım olan qurğu) olması zəruridir.
 
Adətən adamlar düşünürlər ki, yanğınsöndürən maşında həmişə su ehtiyatı vardır. Lakin əslində yanğınsöndürən maşında çox kiçik həcmdə su olur ki, bu da böyük miqyaslı yanğınla mübarizə aparmaq üçün yetərli deyildir. Alovla müvəffəqiyyətli şəkildə mübarizə aparmaq üçün yanğınsöndürənlər komandası maşına fasiləsiz şəkildə su vurmalıdır. Bunu etmək üçün isə hidrantlara qoşulmaq lazımdır. Obyektdə yanğın baş verdiyi təqdirdə onu bütün mümkün yollarla söndürmək üçün, orada strateji su ehtiyatının yaradılması vacibdir.
 
“Beniz” şirkətinin mütəxəssisləri yanğın əleyhinə daxili su kəmərinin layihələşdirilməsini, quraşdırılmsını, texniki xidmətini və həmçinin suyu vurmaqla bağlı sınaqdan keçirilməsi işlərini yerinə yetirirlər.
 
Tüstüsovurma və yanğın havalandırma sistemlərinin quraşdırılması
 
Obyektiv və dəhşətli statistikaya görə, yanğın zamanı baş verən hər beş ölüm hadisəsindən dördünün səbəbi yüksək temperatur yox, tüstü olmuşdur. Yanğın zamanı tüstü əksər hallarda istidən daha sürətlə yayılır. Bu tüstü göz qişası ilə təmasda olaraq, gözlərdə kəskin yandırıcı ağrıya, göz yaşının axmasına və hərəkətlərdə dezorientasiyaya səbəb olur. Bu zaman, hətta çox az miqdarda tüstünün udulması da orqanizmin toksikasiyasına (zəhərlənməsinə) və bunun nəticəsi kimi, huşun itirilməsinə gətirib çıxarır. Bundan başqa, bir çox hallarda yanğın gözlənilməz olur və bu da insanlar arasında çaxnaşma və qarışıqlıq salınması ilə sonuclanır.
 
Biz belə vəziyyətlərin nəticələrini ara-sıra müşahidə edə bilirik. Məsələn, bu yaxınlarda Rusiyanın Perm şəhərində yerləşən “Axsaq at” klubunda baş vermiş yanğın hadisəsi barədə bir çoxlarının xəbəri vardır. O zaman, yanğın qurbanlarının sayının çox olması, məhz qatı tüstü təbəqəsi yaranması səbəbilə meydana çıxmış çaxnaşma nəticəsində baş vermişdi. Qapalı məkanda zəhərli qatı tüstü içərisində olan insanlar orientasiyalarını itirmişdilər.
 
Məhz buna görə, tüstü ilə mübarizə – yanğın təhlükəsizliyinin təmin edilməsində ən mühüm məsələlərdən birinə çevrilmişdir. Bu gün bizim şirkətdə tüstünün çıxarılması və ya ləğv edilməsini diaqnozlaşdıran və fəallaşdıran mexanizmlər vardır. Bu mexanizmlərin təyinatı – otaqları bura dolmuş tüstüdən və kiçik kül hissəciklərindən tez bir zamanda təmizləməkdir. Tüstünün ləğv edilməsi sistemində yanğının alovlanması üçün kifayət etməyən, lakin insanın nəfəs alması üçün zəruri miqdarda olan oksigenin verilməsi də nəzərdə tutulmuşdur. Sistem elə quraşdırılır ki, yanğın baş vermiş obyektdəki insanların təxliyyə (evakuasiya) marşrutunda tüstünün çıxarılması ilə yanaşı, vizual görüntünü və nəfəs almanı təmin edə bilsin.
 
Tüstüyə nəzarət sistemi, tüstünün və alovun yayılmasının da qarşısını alır. Bu məsələnin həlli üçün, hazırlıqsız sahə və otaqlarda tüstü və alovun yayılması üçün ideal vasitə olan ventilyasiya boruları xüsusi çəpərlərlə təchiz edilirlər. Yanğınsöndürmə sistemi vasitəsilə idarə olunan bu çəpərlər həm təxliyyə olunan insanlar üçün marşrut yaradırlar, həm də bu təxliyyə marşrutunu tüstüdən təcrid edirlər.
Bütün bunlara əlavə olaraq, tüstülənməni müəyyən ərazinin sərhədləri çərçivəsində lokallaşdıran tüstüdən mühafizə pərdələri də vardır. Belə pərdələr yanğınsöndürmə və tüstü ləğvetmə qurğularının iş effektivliyini artırır. Bu da öz növbəsində yanğınsöndürənlərə əlavə imkanlar yaradır. Belə yanğınsöndürmə əməliyyatı, otağın yanğından sonrakı bərpasının minimal maliyyə xərclərinə başa gəlməsinə şərait yaradır.
 
Qaz vasitəsi ilə avtomatik yanğınsöndürmə sistemlərinin quraşdırılması
 
Yanğınsöndürmə sistemləri bu sistemlərdə tətbiq olunan alov söndürən agentin növündən (məsələn: su, köpük, təmiz təsirsiz və sintezləşdirilmiş qazlar kimi) asılı olaraq fərqlənirlər. Yanğın hadisəsi zamanı yanğından mühafizə edilən obyektin xüsusiyyətindən asılı olaraq, bu və ya digər alov söndürmə agentindən istifadə olunur. Alov söndürən agentlər sırasında FM200 markalı sintezləşdirilmiş qaz məxsusi bir yer tutur.
 
Təcrübə onu göstərmişdir ki, insanların yaşadığı və yaxud çalışdığı yerlərdə və həmçinin, bahalı elektron avadanlığı və ya qiymətli şeylərin saxlandığı yerlərdə, arxivlərdə və anbarlarda FM200 qazının tətbiq edilməsi daha məqsədəuyğundur. Çünki, su və yaxud köpük, server və ümumiyyətlə kompüter texnikasına zərər verə, bu texnikanı sıradn çıxara bilər. FM200 qazından istifadə zamanı isə belə təhlükə istisna edilir.
 
Qaz vasitəsilə yanğınsöndürmə sistemindən istifadə zamanı yanğın baş verən yerdə yanma prosesinin getməsinin qeyri-mümkün edilməsi üçün, burada məxsusi bir qaz mühiti yaradılır. FM200 sintezləşdirilmiş qazın tətbiqinin bir sıra üstünlükləri vardır. Bu üstünlüklərin bəzilərini nəzərdən keçirək.
 
Əvvəla, sintezləşdirilmiş qazdan istifadə edilməsinin ən mühüm üstünlüyü – onun həm insan üçün, həm də ki, elektron avadanlıq üçün təhlükəsiz olmasıdır. Yanğının söndürülməsi zaman qaz elə konsentrasiyada istifadə olunur ki, insan həyatı və səhhəti üçün təhlükə kəsb etməsin. FM200 qazının tətbiqi zamanı otağın havasında olan oksigenin konsentrasiyası 3%-ə qədər azalır. Havanın belə tərkibi yanğının davam etməsi üçün kifayət olmamaqla bərabər, buradakı adamların çətinlik çəkmədən nəfəs almalarına imkan verir.
Bahalı elektron avadanlıqlar və həmçinin qiymətli sənədlər saxlanan yerlərdə də FM200 sintezləşdirilmiş qazından istifadə çox əlverişlidir. Bu cür yerlərdə yanğın baş verən zaman FM200 qazı tətbiq edildikdə, yarana bilən ən ziyanlı effekt – burada hərarətin çox cüzi şəkildə aşağı düşməsi ola bilər.  Bu da ki, elektronikaya heç bir mənfi təsir etmir. Qaz avadanlığın aşınmasına (korroziyasına) gətirib çıxarmır və cərəyan keçirmir.
 
Onilliklər ərzində yaradılan kağız sənədli arxivlər, kompüterlərin və serverlərin yaddaşlarında saxlanılan unikal məlumat bazaları bir çox hallarda əvəzi heç bir şeylə ödənilə bilməyən qiymətsiz materiallardan ibarət olur. Serverlərdə və sairə məlumat saxlama yerlərində saxlanan məlumatların bir anın içərisində itirilə bilməsi riski isə hər zaman mövcuddur. Məhz bu səbəbdən də, məlumatların və onların daşıyıcılarının qorunması nöqteyi-nəzərindən qaz vasitəsilə yanğınsöndürmə qurğularının quraşdırılması ən effektiv vasitədir.
Qaz vasitəsilə söndürmənin üstünlüklərindən biri də – yanğının söndürülməsinə sərf olunan vaxtdır. Aparılmış təcrübələrin nəticələri və real yanğınların söndürülməsi barədə məlumatlar göstərir ki, FM200 sintezləşdirilmiş qazın tətbiqi zamanı yanğın 15 saniyə ərzində dayandırılır.
 
Sistemin daha bir üstünlüyü də onun çox yığcam olması və saxlanıldığı məkanda böyük yer tutmamasıdır. Qaz vasitəsilə yanğınsöndürmə sistemində yanğın söndürən agent mayeləşdirilmiş şəkildə balonlarda saxlanılır. Bu sistem etibarlıdır – çünki, paralel şəkildə həm elektrik (sızmaya nəzarət cihazları) və həm də vizual (manometrlərdən istifadə olunmaqla) monitorinq tətbiq edilir. Bu sistem, həm də uzunömürlüdür – onun istismar müddəti 30 ildən yuxarıdır.
 
Beləliklə, əgər bütün bu sadalananlara ümumi nəzər yetirsək, onda görərik ki, FM200 qazı vasitəsilə yanğınsöndürmə sistemi ən yüksək yanğın təhlükəsizliyi tələblərinə cavab verir. Hətta bəzi hallarda isə (məsələn, telekommunikasiya avadanlığı, çox sayda kompüterlər və serverlər olan yerlərdə) bu sistem yeganə məqbul variant olur.
 
Dispersiya edilmiş su ilə yanğın söndürmə sistemlərinin quraşdırılması
 
Neft platformalarında və çənlərində baş verən yanğın – ən yüksək mürəkkəblik dərəcəsi olan yanğın kimi təsnif edilir. Çünki, belə yanğın nəticəsində ayrılan toksik qazlar və çox yüksək hərarət səbəbindən, yanğınsödürən gəmilər alova bürünmüş platformaya yaxınlaşa bilmirlər.
Obyektin yanğın təhlükəsizliyinin öyrənilməsi zamanı onun yerləşdiyi açıq meydançada alovun söndürülməsi üçün dispersiya edilmiş (narın zərrələrə parçalanmış)  su ilə (su tozu və ya dumanı ilə) yanğınsöndürmə metodu tətbiq olunur. Bu zaman açıq meydançada olan obyektin perimetri boyunca üzərində çoxlu sayda püskürdücü sprinklerlər olan borular quraşdırılır. Su xüsusi nasoslar vasitəsilə yüksək təzyiq altında bu borular – perimetral sprinklerlər sisteminə vurulur.
 
Yanğın xəbərdaredici cihazının işə düşməsi zamanı bu təzyiqli su, sprinklerlərin qapadıcı tıxacını açır.  Sprinklerin içindən keçən su milyonlarla xırda zərrəciyə, başqa sözlə, qatı dumana çevrilir. Su tozunun meydançanın perimetri boyunca yüksək təzyiqlə hərəkət etməsinin hesabına çox tezliklə meydançanın bütün üzəri qatı su buludu ilə örtülür. Bu dumanın ortasında isə bütün hava yolu kəsilmiş alov mənbəyi olur.
 
Alov, yanma üçün zəruri olan oksigeni özünə tərəf çəkir. Lakin havanın alova tərəf hərəkəti zamanı yaranmış su tozu da onunla birlikdə hərəkət etməyə başlayır.  Beləliklə, iki ziddiyyətli mühitin: alovun və su tozunun toqquşması zamanı buxar yaranır. Bu buxar sanki bir pərdə, təbəqə yaradır ki, bununla da oksigenin yanma ocağına daxil olmasının qarşısını kəsir. Prosesin davamında su tozu daima ayrılır və yaranan buxarla birlikdə olan duman konsentrasiyası oksigeni sıxışdırıb çıxarır. Bu yolla da qısa zaman ərzində alovun tam söndürülməsi təmin edilir.
 
Başqa yanğınsöndürən agentlərin lazımi məhsuldarlıq təmin edə bilmədikləri şəraitdə, bu metod özünü çox gözəl şəkildə doğrultmuşdur. Bundan başqa, əsas yanğınsöndürmə agenti kimi sudan istifadə olunması bu metodu ucuz və geniş tətbiq edilə bilən edir. Dənizdə yerləşən neft platformalarında isə adi suyu çox rahatlıqla dəniz suyu ilə əvəz etmək mümkündür.
 
Dispersiya edilmiş su ilə yanğının söndürülməsi metodunda intellektual dönən ucluqlardan (soplolardan) istifadə etmək isə küləyin istiqamətini də nəzərə alaraq, su tozunun dəqiq püskürdülməsini həyata keçirməyə imkan verəcəkdir. Çünki, buxar dumanını yayan və alovu hava ilə “doyuzduran” güclü külək, yanğının söndürülməsi planlarına mane ola bilər. Bu zaman ucluqlar, tozlandırılan suyu lazım olan müəyyən bir istiqamətə yönəldərək, küləyə alovu böyütməyə imkan verməyəcəkdir.